Xətai rayon Polis İdarəsinin cinayət axtarış və 34-cü polis şöbələrinin əməkdaşları narkotik maddələrin satışı ilə məşğul olan şəxsləri saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Elçin Zərbəliyevdən bir büküm heroin götürülüb.
E.Zərbəliyevə narkotik vasitəni satmış, əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Tural Abdullayev də müəyyən edilərək saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 510 qram heroin götürülüb. Tural Abdullayevə narkotik vasitəni satan onun xalası oğlu, əvvəllər məhkum olunmuş Aqşin Cəbrayılzadə də yaxalanıb. Polis əməkdaşları tərəfindən Aqşin Cəbrayılzadənin paytaxtın Nizami rayonunda yaşadığı mənzilə baxış keçirilərkən 2 kiloqram 511 qram heroin, 2 kiloqram 940 qram həşiş, 1 kiloqram 160 qram tiryək, 427 qram metamfetamin və 3 kiloqram 505 qram marixuana aşkarlanaraq götürülüb. Bu əməliyyat zamanı ümumilikdə 11 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotik maddələrin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.