logo

Prezidentə Göyçayın icra başçısından şikayət məktubu

15:11 25-08-2020 | icon 2751
Prezidentə Göyçayın icra başçısından şikayət məktubu
Göyçay rayonunun Xəlitli kənd sakinlərinin bir qrupunun “YeniAvropa”a şikayəti daxil olub. Sakinlər rayonun icra başçısı Mehdi Səlimzadədən və Yeniarx kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əhməd Məmmədovdan şikayətçidirlər. 

Şikayətçilər bildirir ki, Əhməd Məmmədov icra başçısına arxayın olub kəndin sakinləri üçün ayrılmış 10 hektar örüş sahəsində yonca və tut ağacı əkdirib. 
Kənd sakinlərinin şikayətləri rayonda cavabsız qaldığına görə onlar prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu göndəriblər.

Şikayət məktubunda deyilir:

“Hörmətli cənab prezident!
Hörmətli Mehriban xanım!
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin yarıtmaz fəaliyyəti nəticəsində rayonun Xəlitli kənd sakinlərinin örüş sahəsi təyinatı dəyişdirilmədən qanunsuz olaraq əkilib. Həmin 10 hektar örüş sahəsini Göyçay rayon İcra Hakimiyyəti Başçısının Yeniarx kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əhməd Məmmədov qanunsuz olaraq 8 hektarında yonca, qalan hissəsində isə tut ağacı əkib.
Baramaçılığın inkişafı üçün ölkədə tut ağaclarının çoxaldılması məqsədilə Çin Respublikasından tut ağacı tingləri gətirlib. Həmin 10 min tut ağacı tingini icra nümayəndəsi Əhməd Məmmədov əkmək adı ilə gətirib, cəmi 1000 tingini 10 hektar örüş sahəsinin 2 hektarına əkib, qalan 8 hektarına isə gəlir əldə etmək üçün yonca əkib.
Xəlitli kənd sakinlərinə məxsus iri və xırdabuynuzlu heyvanların otarılması üçün həmin örüş yeri bəs etmirdi. Belə olan halda, həmin örüş sahəsinin təyinatı dəyişdirilmədən əkilməsi yolverilməz haldır.
Örüş torpaqlarının təyinatının dəyişdirilməsi isə birbaşa Nazirlər Kabinetinin səlahiyyətinə aiddir.
Yeniarx kənd icra nümayəndəsi Əhməd Məmmədovun yonca və tut ağacı əkdiyi torpaq heyvandarlıq məqsədi ilə örüş təyinatlı torpaq sahəsidir. Heç bir təyinat dəyişdirilmədən belə bir açıq-aşkar qanunsuzluğu icra nümayəndəsi Əhməd Məmmədov edib. Biz bu qanunszuluq barədə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadəyə məlumat verib, tədbir görməsini xahiş etsək də, heç bir tədbir görülməyib. Çünki icra nümayəndəsi qanunsuz olaraq örüş yerində əkdiyi yoncanın satışından əldə etdiyi gəlirin böyük hissəsini icra başçısı Mehdi Səlimzadəyə verir deyə ona “gözün üstə qaşın var” deyən yoxdur.
Bu səbəbdən kənd sakinləri mal-qarasını otarmağa örüş sahəsi tapa bilmir və buna görə çox əziyyət çəkirik. Həmçinin, qeyd edək ki, Yeniarx kənd icra nümayəndəsi Əhməd Məmmədovun qardaşı oğlu Məmmədov Müşfiq Mehman oğlu üç il əvvəl qəsdən adam öldürdüyünə görə məhkəmənin hökmü ilə uzunmüddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Yaxın qohumu ağır cinayət törətmiş şəxsin vəzifədə təmsil olunması yolverilməzdir.
Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin edildikdən sonra günümüz qara olub. Ona görə də təcili və ciddi tədbirlər görülməlidir.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Sizdən xahiş edirik, şikayət ərizəmiz bizim iştirakımızla yerində obyektiv araşdırıb saxtakarlıq etmiş Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadənin və Yeniarx kənd icra nümayəndəsi Əhməd Məmmədovun barəsində müvafiq tədbirlər görəsiniz, örüş sahəsinin camaata qaytarılmasına köməklik göstərəsiniz.

Göyçay rayonunun Xəlitli kənd sakinləri:
Mikayılov Eldəniz Mikayıl oğlu, Sədirəddinov Namiq Şakir oğlu, Abdullayev Kamil Fərhad oğlu, Sədirəddinova Gültəkin Mürşid qızı, Mikayılov Alik Ağaismayıl oğlu, Mikayılov Qüdrət Paşa oğlu, Mikayılova Mətənat Xəlil qızı, Sədrəddinov Surət Sadiq oğlu, Mikayılov Təbriz Elburus oğlu.”

Redaksiyadan: Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 



Göyçayın icra başçısından Prezidentə şikayət

Göyçayın icra başçısından Prezidentə şikayət

Göyçayın icra başçısından Prezidentə şikayət