logo

Sabiq vergi müfəttişlərinin cinayət işi məhkəməyə göndərildi

14:30 24-08-2020 | icon 2450
Sabiq vergi müfəttişlərinin cinayət işi məhkəməyə göndərildi

Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin səmərəli əməkdaşlığı nəticəsində bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına dair cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin mətbuat xidmətlərinin YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilib ki, əvvəllər hər iki qurumun birgə yaydıqları məlumata əlavə olaraq, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi Azər Allahverdiyevin və həmin İdarənin Nərimanov rayon şöbəsinin müfəttişi Cahid Tahirovun vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6 min manat məbləğində pulun bir qismini rüşvət kimi alarkən cinayət başında yaxalanmaları qeyd olunub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Azər Allahverdiyev və Cahid Tahirov şübhəli şəxs qismində tutulublar. Onlara Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barələrində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla Azər Allahverdiyevin Cahid Tahirovla cinayətkar əlaqəyə girməklə “Laçın Çörək Evi” adlı çörək istehsalı sexinə rəhbərlik edən vətəndaşdan vergi yoxlamalarından kənarda qalması, ümumi himayədarlıq, eləcə də digər qanunsuz hərəkətlər müqabilində 2019-cu ilin iyul-avqust ayları ərzində ümumilikdə 3500 manat məbləğində pulu rüşvət qismində istəyərək almasına, bundan əlavə cari ilin martında Cahid Tahirov ilə birlikdə həmin sexə rəhbərlik edən vətəndaşdan qanunsuz hərəkətləri üçün 10 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəməsinə, nəticədə isə 6 min manata razılaşmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Cinayət işi üzrə ibtidai istintaq avqustun 21-də tamamlanaraq, aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.