logo

Umayra Tağıyeva: Sabahdan küləyin sürəti bir qədər azalacaq

19:31 22-08-2020 | icon 2632
Umayra Tağıyeva: Sabahdan küləyin sürəti bir qədər azalacaq

Gözlənildiyi kimi ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib. Hazırda respublikanın bir sıra rayonlarında yağış müşahidə olunur. Böyük və Kiçik Qafqazın ayrı-ayrı ərazilərində yağış leysan xarakterli, intensiv və güclü olub. Nəticədə bəzi çaylarda daşqın və sel hadisələri qeydə alınır. Eyni zamanda, bu proses küləkli hava şəraiti ilə səciyyələnir. Xüsusilə də Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 28 metrə çatıb. Neft Daşları stansiyasının məlumatına görə, Xəzər dənizi akvatoriyasında dalğanın hündürlüyü 5 metrə qədər yüksəlib. Gözlənilən güclü külək haqqında xəbərdarlıq əvvəlcədən bütün əlaqədar təşkilatlara təqdim olunub.

Bunu YeniAvropa-ya Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, qeyri-sabit hava şəraitinin sabah gün ərzində də davam edəcəyi gözlənilir: "Küləyin maksimal sürəti bu gün axşam və gecə saatlarında müşahidə olunacaq. Avqustun 23-ü axşama doğru küləyin sürəti bir qədər azalacaq. Rayonlarda isə yağıntılı hava şəraitinin avqustun 24-dək davam edəcəyi proqnozlaşdırılır. Avqustun 23-də havanın temperaturu bu günə nisbətən daha da enəcək. Paytaxtda maksimal temperatur 20-23 dərəcə intervalında dəyişəcək".