logo

Dadbilmə və iybilmənin itməsi "COVID-19"un spesifik əlamətdir

18:10 21-08-2020 | icon 2807
Dadbilmə və iybilmənin itməsi "COVID-19"un spesifik əlamətdir

COVID-19 xəstəliyinin əlamətləri mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatı və Amerikanın Xəstəliklərin Kontrol Mərkəzi tərəfindən müşahidələrə əsasən tez-tez dəyişdirilir. Amma bu gün ən çox rast gəlinən əlamətlər qızdırma, quru öskürək və halsızlıqdır. Bu üç əlamət COVID-19-dan şübhələnməyə əsas verir. İkinci sırada mədə-bağırsaq ağrıları, ürəkbulanma, qaytarma, əzələ ağrıları, iştahsızlıq, baş və boğaz ağrıları kimi şikayətlər yer alır.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov məlumat verib.

Onun dediyinə görə, xəstəliyin spesifik əlamətlərindən danışarkən dadbilmə və iybilmənin birdən-birə itməsi daha çox müşahidə edilir: “Hətta bir sıra ölkələrdə həmin əlamətləri olan xəstələrin birbaşa COVID-19 xəstəsi kimi qəbul edilməsini məsləhət görürlər. Digər respirator xəstəliklərdə xroniki burun və alın ciblərinin iltihabı olan və qrip xəstəliyində də dadbilmə və iybilmənin dəyişilməsi ola bilər, amma tamamilə itməsi COVID-19-un xüsusi əlamətidir. Ona görə də həmin əlamətləri hiss edən kimi mütləq həkimə müraciət edilməsi məsləhət görülür”.