logo

Azərbaycanlı UNICEF-in Özbəkistan üzrə nümayəndəliyinin rəhbəri oldu

20:49 20-08-2020 | icon 2744
Azərbaycanlı UNICEF-in Özbəkistan üzrə nümayəndəliyinin rəhbəri oldu

Azərbaycanlı Munir Məmmədzadə BMT-nin Uşaq Fondunun (UNICEF) Özbəkistandakı nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edilib.

 YeniAvropa xəbər verir ki, M.Məmmədzadə yeni təyinata qədər üç il UNICEF-in Qırğızıstandakı nümayəndəliyinin rəhbərinin müavini olub, təşkilat daxilində, həmçinin BMT sistemi çərçivəsində əlaqələndirmə proqramlarına başçılıq edib.

Qeyd edək ki,  Munir Məmmədzadə Moskva Dövlət Açıq Universitetini bitirib, İsveçrənin Friburq Universitetində uşaq hüquqları üzrə magistr dərəcəsi alıb. Rus, ingilis və türk dillərində sərbəst danışır.

O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub, iyirmi il insan hüquqları, gənclər siyasəti və inkişaf məsələləri, uşaq hüquqları sahələrində məsul vəzifələrdə çalışıb.

M.Məmmədzadə Azərbaycan və Qırğızıstandan başqa, UNICEF-in Avropa, Mərkəzi Asiya, Moldova və Nepaldakı regional ofislərində işləyib.