Azərbaycanın Gürcüstandakı səfirliyi ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımızın təxliyəsini davam etdirir.Növbəti təxliyə avqustun 19-da həyata keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, təxliyə olunanlar arasında 119 Azərbaycan vətəndaşı, o cümlədən Azərbaycan vətəndaşları ilə nikahda, Azərbaycanda daimi və ya müvəqqəti yaşamaq hüququ olan digər ölkə vətəndaşları var.
Həmin şəxslər avqustun 18-də Tbilisidəki laboratoriyaların birində koronavirusla bağlı testdən keçiriliblər və onların heç birində virus aşkarlanmayıb.
Təxliyə olunan şəxslər səfirlikdən COVID-19 arayışı alandan sonra onlar üçün ayrılmış avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıblar.
Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulu Ramel Lətifov bildirib ki, pandemiya ilə əlaqədar olaraq sərhədlərin bağlanmasından sonra Gürcüstandan 2060 nəfər təxliyə edilib.
Bundan başqa, səfirlik tərəfindən 398 vətəndaşımızın Gürcüstan ərazisi ilə tranzit keçidi təmin olunub.