Azərbaycanda avqustun 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24°, gündüz 29-33° isti, Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26° isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.