logo

BŞİH çimərliklərdə sıxlıqla əlaqədar əhaliyə müraciət etdi

19:40 09-08-2020 | icon 2737
BŞİH çimərliklərdə sıxlıqla əlaqədar əhaliyə müraciət etdi

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib.

Bakı şəhər İcra Hakimiyyətindən YeniAvropa-ya verilən məlumata görə, yay fəslində vətəndaşların ən çox üz tutduqları məkanlardan olan çimərliklərdə son iki gündür ki, sıxlıq müşahidə olunur, bu da koronavirusa yoluxma riskini artırır.

Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Elmin İmanov bildirib ki, qurum rayon icra hakimiyyətləri ilə birgə paytaxtdakı bütün çimərliklərə yerində baxış keçirib. E. İmanov qeyd edib ki, çimərliklərdəki vəziyyət təhlil edilib, həmin ərazilərdə infrastrukturun yaxşılaşdırılması, mövcud vəziyyətin daha da ürəkaçan olması istiqamətində addımlar atılıb. Hər bir çimərlikdə ən ümdə məsələ mövcud epidemioloji vəziyyətə uyğun olaraq sosial məsafənin gözlənilməsi, həmin ərazinin dezinfeksiyaedici məhlullarla təmin edilməsidir. Bununla yanaşı, çimərlik ərazisində xüsusi maafirləndirici lövhələr qoyulub. Lövhələrdə çimərlik ərazilərində əməl edilməsi vacib olan qaydalar öz əksini tapıb. Sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlər xüsusi nişanlanlarla ayrılıb. Eyni zamanda, tələb olunan qaydalara əməl edilməsi səsgücləndiricilər vasitəsilə istirahətə gələn vətəndaşların diqqətinə mütəmadi olaraq çatdırılır. 

Onun sözlərinə görə, ən həssas məsələlərdən biri buradakı təmizlik vəziyyətidir. İcra hakimiyyətinin əməkdaşları və tabeliyindəki qurumlar bununla bağlı gücləndirilmiş iş rejimində işləyirlər. Burada təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əməkdaşlar çox ciddi fəaliyyət göstərirlər. Çimərliklər təmizlik baxımından çox yüksək səviyyədədir, bununla bağlı hər hansı bir problem yoxdur. 

BŞİH-nin şöbə müdiri diqqətə çatdırıb ki, çimərliklərə üz tutanların sayının tənzimlənməsi məqsədilə cimerlik.az portalı fəaliyyət göstərir. Burada hər çimərliyin tutumu ilə bağlı rəqəmlər əks olunur. Vətəndaşların çimərliyə gəlməzdən əvvəl portala daxil olub sıxlıqla bağlı vəziyyəti öyrənmələri və sıxlığın az olduğu çimərlikləri seçmələri tövsiyə olunur. Məqsəd odur ki, vətəndaşlar çimərliklərdə sıxlıqla qarşılaşmasın və yoluxma riskləri minimuma endirilsin: "İki gündür ki, çimərliklərdə sıxlıq müşahidə edilir, bu da haqlı narahatlığa səbəb olur. Vətəndaşlardan xahiş olunur ki, mövcud vəziyyətin gərginləşməsinə səbəb olacaq addımlar atmaqdan çəkinsin və gəlməzdən əvvəl portala daxil olaraq sıxlığın az olduğu çimərliklərə üz tutsunlar. İcra hakimiyyətinin əməkdaşları monitorinq apararaq çimərlikdə kvotanı artırmaq üçün mövcud şəraiti təhlil edirlər. Monitorinqin nəticələrinə uyğun rəqəmlər dəyişə bilər. Çimərliklərin kvotaya uyğun fəaliyyətini təmin etmək məqsədilə hər bir çimərliyin giriş və çıxışında "ASAN xidmət" könüllüləri fəaliyyət göstərir. Onlar çimərliklərə daxil olanların qeydiyyatını aparırlar. Nəticədə, çimərliklərə istirahətə gələnlərin  və boş yerlərin sayı avtomatik olaraq portala yerləşdirilir. Könüllülər, həmçinin əhalinin məlumatlandırılmasını həyata keçirir, qaydalara əməl olunmasının zəruriliyini onların diqqətinə çatdırırlar. Çimərlikdə təhlükəsizliyə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları nəzarət edirlər. Onlar burada istirahətə gələnlərin sayının tənzimlənməsində də yaxından iştirak edirlər. Yəni, ASAN könüllüləri ilə DİN əməkdaşları  koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Əgər boşluq yoxdursa, yer dolubsa, onlar vətəndaşları digər çimərliklərə yönləndirirlər".