Bu ilin altı ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.
YeniAvropa Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, 2020-ci ildə doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Bu ad altı ayda 974 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Uğur (913), Əli (901), Hüseyn (858), Məhəmməd (591), Murad (563), Ömər (554), Raul (476), Ayxan (441) və Tunar (394) tutur.
İlin birinci yarısında qız uşaqlarına ən çox Zəhra adı verilib (952). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (746), Məryəm (707), Mələk (668), Aylin (643), Fatimə (620), Nuray (593), Nilay (533), İnci (485) və Dənizdir (449).
Son beş il ərzində də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Yusif və Zəhra adları verilib. Beş il ərzində 12 min 278 uşağa Yusif, 11 min 719 qız uşağına isə Zəhra adı qoyulub.
Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın mənası, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı (www.exidmet.justice.gov.az) və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.