logo

Baş Prokurorluqdan sərhədçi əsgəriin ölümünə dair açıqlama 

13:58 10-07-2020 | icon 2527
Baş Prokurorluqdan sərhədçi əsgəriin ölümünə dair açıqlama 

Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində hərbi xidmətdə olarkən Alazan çayında suda batması nəticəsində vəfat etmiş Quba rayonu Üçgün kənd sakini Fərdi Yarəliyevin meyiti üzərində guya zorakılıq əlamətlərinin aşkarlanması barədə yalan məlumatlar yayılıb. Kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Bu barədə YeniAvropa-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsindən Zaqatala Hərbi Prokurorluğuna əsgər Yarəliyev Fərdi Namik oğlunun Alazan çayında suda bataraq ölməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər hərəkətlər icra edilib.

Fakt üzrə Zaqatala Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluğa səhlənkar yanaşma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, peşəkar prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

Mərhum Fərdi Yarəliyevin meyitinin xarici və daxili müayinəsi zamanı bədən səthində hər hansı xəsarət və ya xəsarət izləri aşkarlanmayıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu kütləvi informasiya vasitələrinə həqiqətə uyğun olmayan məlumatları və dəqiqləşdirilməmiş informasiyaların yayılmaması barədə xəbərdarlıq edir.