Azərbaycanda iyulun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24°, gündüz 27-31°, Bakıda gecə 21-23°, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.