Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 1-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.
İdarədən YeniAvropa-ya bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 1-i saat 00:00-dan iyulun 2-si saat 00:00-dək olan müddətdə nəqliyyat vasitələri ilə hərəkətdə olan 717 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 106 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 824 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu müddətdə Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 30-u rayon, 85-i paytaxt istiqamətinə olmaqla 115, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 50-si rayon, 85-i paytaxt istiqamətinə olmaqla 135, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 300-ü rayon, 150-si paytaxt istiqamətinə olmaqla 450 nəqliyyat vasitəsi geri qaytarılıb. Ümumilikdə 700 nəqliyyat vasitəsilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.