logo

DİN: "8103"ə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib

17:16 30-06-2020 | icon 2191
DİN: "8103"ə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib

Azərbaycanda “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin 8103 nömrəsinə gün ərzində heç bir səbəb olmadan dəfələrlə əsassız, o cümlədən başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə etməklə müraciət edən şəxslərin kimliyi müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 88 nəfərin şəxsiyyəti aparılan araşdırmalarla müəyyən olunub. Polis idarə, şöbə və bölmələrinə dəvət olunan həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların izahatları alınaraq xəbərdarlıq ediliblər. Onların nəzərlərinə çatdırılıb ki, növbəti dəfə belə hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi inzibati tədbirləri görüləcək.

DİN vətəndaşlarımızı bir daha 8103 nömrəsindən aidiyyəti üzrə istifadə etməyə çağırır, bu zaman sui-istifadə hallarına yol verməməyi tələb edir.

Nazirlik bildirir ki, İcazələrin Alınması və Monitorinqi Sisteminə daxil olan bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır.

Müxtəlif əsassız bəhanələrlə və ya başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə etməklə qanunsuz olaraq 8103 qısa nömrəsi vasitəsilə icazələr alaraq sanitariya-gigiyena və karantin rejiminin tələblərini pozan şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.