logo

İrandan Azərbaycana 22 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

14:04 29-06-2020 | icon 2534
İrandan Azərbaycana 22 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Son günlər ərzində üç halda 21,7 kiloqram narkotik vasitəyə, psixotrop və güclü təsiredici maddəyə oxşar vasitə, preparat və həbin İran İslan Respublikasından Azərbaycan Respublikası ərazisinə gətirilməsinin qarşısı alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib. Qeyd edilib ki, Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikası vətəndaşı 1988-ci il təvəllüdlü Sədri Kazım Həmid Azərbaycan Respublikasının dövlət sərhədini İrandan qanunsuz olaraq Azərbaycan Respublikası istiqamətində keçərkən sərhəd pozucusu qismində saxlanılıb. Onun saxlanıldığı yerə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyi bağlamada külli miqdarda narkotik vasitə - 4 kiloqram 52 qram heroin, 1 kiloqram 815 qram qurudulmuş marixuana, 505 qram tiryək, psixotrop maddə - 4,9 qram metadon, 1103 qram metamfetamin, güclü təsiredici maddə - 8,9 qram “Tramadol”, 37,4 qram “Preqabalin”, 0,4 qram “Klobazam” aşkarlanaraq götürülüb.

Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və İran vətəndaşı Sədri Kazım Həmid barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayətkar qrupun digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir neçə gündən sonra həmin sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində iki nəfər tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Həmin şəxslər sərhəd naryadının sayıqlığı nəticəsində qaçaqmal predmetini hadisə yerində ataraq İran istiqamətinə geri qaçıb. Hadisə yerinə baxış keçirilərkən ərazidə heroinə (4 kiloqram 520 qram), qurudulmuş marixuanaya (495 qram) və metamfetaminə (2 kiloqram 60 qram) oxşar maddələr aşkarlanaraq götürülüb.

Növbəti dəfə eyni sərhəd zastavasının xidməti sahəsində heroinə oxşar 6 kiloqram 320 qram, qurudulmuş marixuanaya oxşar 540 qram, həşişə oxşar 210 qram müxtəlif maddələr və 51 flakonda güclü təsir edən vasitə “Mydrax-Tropikamide”yə oxşar maddə olunub.

Son iki fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.