Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Deksametazon" preparatının COVID-19-lu xəstələrin müalicəsində istifadəsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
YeniAvropa xəbər verir ki, bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyinin rəsmi səhifəsində məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, "Deksametazon" preparatını COVID-19-lu ağır xəstələr üçün istifadə etmək lazımdır.
"Birləşmiş Krallıqda aparılan son tədqiqat nəticəsində deksametazon preparatının oksigen dəstəyinə ehtiyac duyan COVID-19-lu xəstələrdə ölüm riskini azaltdığı məlum olub. "Deksametazon" COVID-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir. Bu məqsədlə istifadə üçün hər hansısa bir dəlil mövcud deyil və düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi şəkildə əks təsir göstərir", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Deksametazon"un xəstəliyin kritik vəziyyətində istifadə edilməsini bildirib.
O qeyd edib ki, preparatı profilaktik məqsədlə istifadə etmək qətiyyən olmaz.