İyunun 26-da "Azərbaycan Hava Yolları"(AZAL) Bakı-İstanbul-Bakı reysi üçün biletlərin satışına başlanılıb. Təəssüf ki, sosial şəbəkələrdə kənar saytlar tərəfindən biletlərin baha qiyməti əks olunan şəkillər yayılıb.
YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, İstanbul-Bakı istiqamətində "AZAL" aviaşirkətinin ekonom sinif üzrə biletinin qiyməti 374 manat təşkil edir.
Bundan əlavə, xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün Bakı-İstanbul və İstanbul-Bakı reyslərində "AZAL" aviabiletlərə 30 faiz endirim təqdim edir.
"AZAL" sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilib.
Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.