logo

DİN: 20 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

15:30 23-06-2020 | icon 2667
DİN: 20 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Xətai rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin və narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini Zahir Zeynalov və Biləsuvar rayon sakini Səbuhi Hüseynov idarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində saxlanılıblar. Onların üzərində axtarış aparılarkən Z.Zeynalovdan 76,38 qram heroin, 21,51 qram marixuana, onun paytaxtın Nizami rayonunda kirayədə qaldığı mənzildən isə 21 kiloqram 7 qram qurudulmuş maixuana, 5,06 qram heroin, 24,55 qram həşiş və 13,70 qram tiryək aşkarlanaraq götürülüb. Səbuhi Hüseynovun paytaxt ərazisində qaldığı evdən isə 459 qram tiryək, 754 qram həşiş aşkar olunub. Həmçinin araşdırma zamanı S.Hüseynovun onlayn yolla satdığı və Yeni Günəşli qəsəbəsi ərazisində yol nişanının altında gizlətdiyi 390 qram heroin də müəyyən edilərək götürülüb.

Beləliklə əməliyyat nəticəsində Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ümumilikdə 471 qram heroin, 472,7 qram tiryək, 778,18 qram həşiş və 23 kiloqram 21 qram marixuananın qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Araşdırma zamanı müəyyən olunub ki, hər iki şəxs adı hələlik istintaqa məlum olmayan “Xalaoğlu Rəsul” adı ilə tanıdıqları İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul edərək yaşadıqları evlərdə gizlədiblər. Daha sonra Zahir Zeynalovun və Səbuhi Hüseynovun narkotik vasitələri paytaxtın müxtəlif ərazilərində yerləşdirərək “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə İran vətəndaşı ilə əlaqə saxlayaraq ona məlumat verməli, həmin şəxsin isə müştərilərin götürməsi üçün həmin yerlərin ünvanını onlara göndərməli olduğu müəyyən edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Adları qeyd edilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.