logo

“Azəriqaz” Tovuzda qaz borusunun partlamasına aydınlıq gətirdi

19:22 20-06-2020 | icon 2226
“Azəriqaz” Tovuzda qaz borusunun partlamasına aydınlıq gətirdi

“Azəriqaz” İstehsalat Birliyi (İB) Tovuz rayonunda təbii qaz borusunun partlaması ilə bağlı məlumat yayıb.

İB-dən YeniAvropa-ya  daxil olan məlumatda qeyd edilib ki, bu gün günorta saatlarında Tovuz rayonunda yol çəkilişi zamanı qaz borusunun partlaması barədə xəbər yayılıb.

"“Azəriqaz” İstehsalat Birliyi olaraq qeyd edirik ki, bu partlayışın birliklə hər hansı əlaqəsi yoxdur. Belə ki, rayonun Xatınlı kəndinin yaxınlığında yol genişləndirilməsi işləri aparılır. Bu işlə məşğul olan podratçı təşkilat dünən axşam saatlarında mövcud qaz xəttini yenisi ilə əvəzləyib, “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismarı İdarəsinə təhvil verib. Lakin qoşmadan sonra qaz axını yaxşı baş tutmayıb, yerli sakinlər qazın zəifliyindən şikayətləniblər. Ona görə də podratçı təşkilatdan qaz xəttinin dəyişdirilmiş hissəsinin yenidən yoxlanılaraq gələn həftə təhvil verilməsi tələb olunub. Bundan sonra isə iyunun 20-də səhər saat 09:00 radələrində qaz təchizatı dayandırılıb. Podratçı təşkilat isə elə bu gün saat 16:00 radələrində “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismarı İdarəsinə hər hansı məlumat vermədən, qoşma aparılan hissədə özbaşına hansısa işləri icra edib. Ona görə də səhlənkarlıq ucbatından partlayış qeydə alınıb.

Qeyd edək ki, diametri 159 millimetr olan qaz xəttinin təqribən 500 metrlik hissəsi yol tikintisi ilə məşğul olan podratçı təşkilat tərəfindən polietilen boru ilə əvəzlənəcəkdi. Bu xətt Tovuz rayonunun Xatınlı, Qaraxanlı və Cilovdarlı kəndlərinin 2 minə yaxın abonentinin qaz təchizatı üçün nəzərdə tutulub. Hazırda podratçı təşkilat qaz xəttini tam təhvil verə bilmədiyindən, Şəmkir Regional Qaz İstismarı İdarəsi köhnə xətti bərpa etməklə qaz təchizatının həyata keçirilməsi ilə məşğuldur",-deyə məlumatda qeyd edilib.