logo

Sərtləşdirilmiş karantin rejimində  “ASAN xidmət”lər işləyəcək

15:55 20-06-2020 | icon 2499
Sərtləşdirilmiş karantin rejimində  “ASAN xidmət”lər işləyəcək

Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən, iyunun 21-i saat 00:00-dan iyulun 5-i 06:00-dək həmin ərazilərdə məhdudiyyətlər tətbiq olunacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, məhdudiyyətlərin tətbiq edildiyi müddətdə vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin xidmətlərindən yararlana biləcəklər. Lakin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə məhdud sayda əməkdaşların işə çıxmasının təmin edilməsi məqsədilə 1 saylı Bakı “ASAN xidmət” və 2 saylı Bakı “ASAN Kommunal” mərkəzlərində sənəd qəbulu həyata keçirilməyəcək. Həmin mərkəzlərdə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar isə mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.

Müvafiq xidmətlərlə əlaqədar sənəd qəbulu üçün digər mərkəzlərə müəyyən edilmiş qaydada müraciət etmək mümkündür. Belə ki, aprelin 27-dən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

“ASAN Kommunal” mərkəzlərində isə bazar günü qeyri-iş günüdür.

Səyyar “ASAN xidmət”in fəaliyyətində də bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, xidmət göstərilən məntəqələr məhdudiyyətlərin tətbiq olunduğu ərazilərə aid olduğu üçün Səyyar “ASAN xidmət” paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsində, Xırdalan və Lənkəranda iyunun 21-dən etibarən fəaliyyət göstərməyəcək.

Səyyar “ASAN xidmət”in fəaliyyət göstərdiyi digər məntəqələr barədə ətraflı məlumatı müvafiq link vasitəsilə əldə etmək olar: https://bit.ly/2YJz4c9