logo

QMİ karantin qaydalarını pozan din xadimlərini cəzalandıracaq

16:57 19-06-2020 | icon 2275
QMİ karantin qaydalarını pozan din xadimlərini cəzalandıracaq

Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq dəfn mərasimləri məhdud sayda, yaxın qohumların iştirakı və sosial məsafəyə riayət edilməklə həyata keçirilməlidir. Qapalı, yaxud açıq məkanlarda on nəfərdən çox şəxsin iştirakı ilə ehsan verilməsi, yas məclislərinin təşkili və orada din xadimlərimizin iştirakına icazə verilmir.

 YeniAvropa xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi(QMİ) mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib. Bildirilir ki, QMİ-nin tövsiyə sənədində bu məqamlar birmənalı şəkildə əksini tapıb:"Bütün din xadimlərinə bununla bağlı tərəfimizdən tapşırıq verilib. Bu tövsiyə qərarlarının icrasına QMİ nəzarət edir, tapşırığın yerinə yetirilməsinə yerlərdəki qazilərimiz və səlahiyyətli nümayəndələrimiz məsuldurlar və bu barədə QMİ-yə mütəmadi məlumat verirlər. Bu müvəqqəti çətinlik dövründə tövsiyələrimizi nəzərə almayanlar, təəssüf ki, mövcud vəziyyətin məsuliyyətini dərk edə bilməyənlərdir. Qayda və tövsiyələrə əməl etməyən din xadimləri ilə bağlı hal aşkarlanarsa, QMİ tərəfindən müvafiq ölçü götürüləcək.

QMİ bir daha öz tövsiyələrini diqqətə çatdırır və əmindir ki, dindarlarımız və cəmiyyətimiz hər birimiz üçün təhlükəli olan məqamda tibbi-profilaktik tədbirlərə riayət etməklə yanaşı, vacib saydığımız tövsiyələri anlayışla qarşılayacaq. Ümid edirik ki, Allah-təala tezliklə xalqımızın üzərindən bu bəlanı dəf edəcək, səbat və rifahımız bərqərar olacaq, İnşallah.

Bu çətin və məsuliyyətli dövrdə xalqımızın pandemiya ilə mücadiləsində böyük əzm və mətanət nümayiş etdirən həkimlərimizə, təhlükəsizliyimizin keşiyində duran polis işçilərinə dərin minnətdarlığımızı bildirir, onlara şərəfli fəaliyyətlərində Uca Allahdan uğurlar diləyirik. Bu mürəkkəb dövrdə din xadimləri də öz vəzifələrini böyük məsuliyyətlə yerinə yetirirlər. Öz sağlamlıqlarını riskə ataraq vəfat etmiş insanları üçün şəriətlə mühüm olan dini vacibatların yerinə yetirilməsini gecəli-gündüzlü həyata keçirməklə fədakarlıq nümayiş etdirirlər. Din xadimləri Azərbaycan xalqının xidmətindədir və bundan şərəf duyur.

Uca Allah Azərbaycanı hifz etsi"n.