logo

"AZAL" bu gündən Naxçıvana müntəzəm aviareysləri bərpa edir

14:54 18-06-2020 | icon 2373
"AZAL" bu gündən Naxçıvana müntəzəm aviareysləri bərpa edir

Koronavirus infeksiyası pandemiyasının başlandığı müddətdən ilk dəfə olaraq milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 18-dən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm daxili reysləri bərpa edir.

QSC-nin mətbuat xidmətindən YeniAvropa-ya  bildirilib ki, qeyd edilən reyslərə 2-ci terminalda xidmət göstərilir.

Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus üçün müayinədən keçən və mənfi nəticə əldə edən sərnişinlər buraxılır. Müayinə uçuşdan ən gec 48 saat əvvəl aparılmalıdır. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar sərnişinləri yola salan vətəndaşların aerovağzal ərazisində toplaşması qadağandır.

Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək. Aviabiletin dəyərinə 23 kiloqram çəkidə baqaj daxildir. Kişi portfeli və ya qadın çantası istisna olmaqla əl yükü, o cümlədən “Duty free” mağazalarından alınan əşyaların daşınması qadağandır.

Cari şərtlərə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı reyslərinə aviabilet satışı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim olunmuş sərnişinlərin siyahısına əsasən həyata keçirilir. Təsdiq edilmiş siyahı daxil olduqdan sonra aviaşirkətin çağırış mərkəzi sərnişinlərlə əlaqə yaradaraq aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edir.

Reyslərdə yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, “Azərbaycan Hava Yolları” ilk növbədə təcili uçuşa ehtiyacı olan sərnişinlərin aviabilet almaq üçün müraciət etmələrini tövsiyə edir.