Azərbaycanda 7 səhiyyə işçisi koronavirusdan dünyasını dəyişib, 700-dək tibb personalı hazırda bu virusa yoluxub.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadçı-alim Qubad İbadoğlu özünün "Facebook" hesabında paylaşım edib. O, eyni zamanda şəhid həkimlərimizlə bağlı maraqlı təklif erəli sürüb.
Həmin statusu təqdim edirik: "Bu gün səhiyyə işçiləri günü, həkimlərin peşə bayramıdır.
Təklif edirəm ki, iyunun 17-də Bakı vaxtı ilə saat 21-də koronavirus şəhidləri olan səhiyyə işçilərinin əziz xatirələrini 1 dəqiqəlik sükutla yad edək ki, ruhları şad olsun.
Əldə etdiyimiz məlumatlara görə, indiyə qədər Azərbaycanda 7 səhiyyə işçisi koronavirusdan dünyasını dəyişib, daha bir azərbaycanlı həkim Türkiyədə vəfat edib, 700-dək tibb personalı hazırda bu virusa yoluxub. Dünyasını dəyişənlərin fotolarını təqdim edirəm, allah rəhmət eləsin, ailələrinə və əzizlərinə səbr versin!
Bu günün özəlliyini nəzərə alaraq, hakimiyyətə də təklif edirəm ki, koronavirusdan dünyasını dəyişən səhiyyə işçilərinin adlarını əbədiləşdirsin və onların ailələrinə sosial dəstək məqsədilə dövlət büdcəsindən və ya koronavirusla mübarizə fondundan xüsusi vəsait ayırsın.
Dostlar və izləyicilər, sizlərdən də xahiş edirəm ki, ilk növbədə şəhid səhiyyə işçilərinin adlarının əbədiləşdirilməsi üçün təkliflərinizi şərh bölməsində yazasınız, eyni zamanda bu məlumatı mümkün qədər çox paylaşasınız ki, əhaliyə məlumat çatsın. Mətbuatdan da rica edirəm ki, bu elanı dərc edib oxucularına çatdırsın ki, bu gün saat 21-də hamılıqla fədəkar səhiyyə işçilərini yad edək".