Heydər Əliyev Fondunun təşəbbüsü ilə konsert proqramı hazırlanıb.
YeniAvropa xəbər verir ki, Azərbaycanın tanınmış estrada ulduzlarının iştirak etdikləri konsert "COVID-19" infeksiyası ilə mübarizədə ön cəbhədə dayanan peşə sahiblərinə həsr olunub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin 27-ci ildönümündə – Milli Qurtuluş Günündə təqdim olunacaq konsert proqramı həm də vətəndaşlara növbəti sınaq qarşısında birliyə, vahid qüvvə kimi çıxış etməyə, koronavirus pandemiyası ilə mübarizəyə dəstək verməyə, özləri və yaxınlarının sağlamlıqlarını qorumaq məqsədilə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırış məqsədi daşıyır.
Layihə ölkə ərazisində davam edən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Heydər Əliyev Mərkəzində, tamaşaçısız həyata keçirilib. Konsert iyunun 15-də AZTV və Xəzər Televiziyasında 21:00-da, İctimai Televiziyada isə 21:30-da yayımlanacaq.