logo

Bakıda suyun gəlməməsinin səbəbi bəlli oldu: tələbat 40% artıb

12:52 14-06-2020 | icon 2044
Bakıda suyun gəlməməsinin səbəbi bəlli oldu: tələbat 40% artıb

Bir neçə gündür Bakı şəhərinin bəzi ərazilərində içməli suyun gəlməməsi sakinlərin narazılığına səbəb olub.

 YeniAvropa xəbər verir ki, məsələyə münasibət bildirən  “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı bildirib ki, suyun verilişində yaranan problemin səbəbi havaların istiləşməsi və suya olan tələbatın 40%-ə yaxın artması ilə əlaqədardı: “Buna görə bəzi ərazilərdə qrafiklər pozulub, suyun təzyiqi aşağı düşüb. Artıq bunların böyük hissəsini həll etmişik. Xırdalan şəhəri, Yeni Günəşli qəsəbəsi, Xətai rayonu, Sabunçu rayonunun böyük hissəsində içməli suyun verilişi ilə bağlı problem həllini tapıb”.

A.Cəbrayıllının sözlərinə görə, hazırda Suraxanı rayonunun Bahar bağları adlanan ərazisində, Sabunçu rayonundakı bəzi yeni yaşayış massivlərində və s. yerlərdə problemin həlli istiqamətində işlər davam etdirilir:“Həmin ərazilərdə fərdi şəbəkələrdir. Onlar tikinti normalarına uyğun gəlmir. Vətəndaşlar tərəfindən fərdi xətlərlə çəkilib və burada tələbat artanda müəyyən problemlər yaranır. Həm bizim mütəxəssislərin apardığı tənzimlənmə işləri, həm də mənbədən suyun artırılması ilə problemin həlli istiqamətində işlər aparılır”.