Ağstafa rayonu ərazisində qətl hadisəsi törətmiş şəxs prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Ağstafa rayon Prokurorluğundan bildirilib. Qeyd edilib ki, iyunun 14-də gecə saat 01 radələrində rayonun Dağkəsəmən kənd sakini 1977-ci il təvəllüdlü Hürriyyət Şəmilovun bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun həmkəndlisi 1992-ci il təvəllüdlü Tural Heydanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.
Tural Heydanov cinayətin aləti olan bıçağı istintaqa təqdim edib və müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.