Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 3 kiloqram 110 qram heroin, 1 kiloqram 105 qram marixuana və 180 ədəd satışı qadağan edilən psixotrop tərkibli “Preqabalin” həbi aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, Ramil Quliyev adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri satmaq məqsədilə əldə edib.
Faktla bağlı Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxs tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.