logo

Baş Prokurorluqda yeni təyinatlar-Günay Səlimzadə mətbuat katibi oldu

21:48 12-06-2020 | icon 2996
Baş Prokurorluqda yeni təyinatlar-Günay Səlimzadə mətbuat katibi oldu

Prezident İlham Əliyevin 10 iyun 2020-ci il tarixli sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiq edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılmış, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılmış, idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilmiş, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılıb.  

Bundan başqa, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət,  Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis edilmiş, bundan başqa mərkəzi aparatın yeni Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılıb.

Dövlət başçısının imzaladığı sərəncamla Heydər Məmmədov baş prokurorun müavini, baş prokurorun imzaladığı müvafiq əmrlərlə Nemət Əvəzova yeni yaradılmış Baş Prokurorluğun İstintaq idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilmiş, Natiq Abdullayev Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Elşən Abbasov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi, Natiq Hüseynov Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi, Kamal Qılıcov Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi, Murad Dadaşov Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi, Anar Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, Sərdar İmanov isə Xətai rayon prokuroru vəzifələrinə təyin edilib.

Həmçinin, uzun illər Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilmiş, Günay Səlimzadəyə isə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib.  

Prokurorluq orqanlarında struktur islahatlarının həyata keçirilməsi və kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.