İyunun 14-15-də, yəni sərtləşdirilmiş karantin rejimi dövründə dializ xəstələrinin tibb müəssisələrinə çatdırılması ilə əlaqədar “ASAN xidmət”in 108 “Çağrı xidməti” fəaliyyət göstərəcək. Həmin xəstələrin tibb müəssisələrinə çatdırılması ASAN könüllüləri və onlar üçün ayrılmış xüsusi nəqliyyat vasitələri ilə həyata keçiriləcək.
YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 12-də keçirilən brifinqində söyləyib.
“Dializə ehtiyacı olan xəstələr 108-ə zəng edib bununla bağlı müraciət edəcəklər. Onlar könüllülər və xüsusi nəqliyyat vasitələri ilə tibb müəssisələrinə çatdırılacaq və dializ prosesindən sonra geriyə, evlərinə qaytarılacaqlar. Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) siyahı almışıq. Siyahıda 9 şəhər və rayon üzrə dializə ehtiyacı olan 972 nəfər var. İki gündür ki, onların hər biri ilə əlaqə saxlayırıq. Kimlərin ki, öz nəqliyyat vasitəsilə tibb müəssisələrinə getmək imkanı var, onların nəqliyyat vasitələrinin və xəstələri müşayiət edəcək şəxslərin icazələri icaze.e-gov.az portalına daxil ediləcək. Nəticədə onlar özləri tibb müəssisələrinə gedib dializ oluna biləcəklər. Kimlərin ki, şəxsi nəqliyyat vasitəsilə dializə getmək imkanı yoxdursa, o şəxslər qabaqcadan müəyyən edilir. Həmin şəxslərin tibb müəssisəsinə çatdırılması və geri qaytarılması təmin olunacaq”, - deyə Ü.Mehdiyev qeyd edib.