logo

33 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

14:34 12-06-2020 | icon 1911
33 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Əzizov Bakı şəhəri Xətai rayonu ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 11,930 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən Elməddin Əzizovun Xətai rayonunda kirayədə qaldığı evə baxış zamanı əlavə 24 kiloqram 885 qram heroin, 1 kiloqram 870 qram tiryək, 3 kiloqram 275 qram n metamfetamin və bir elektron tərəzi aşkarlanıb.

Araşdırma zamanı müəyyən edilib ki, Elməddin Əzizov hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Masallı rayonu ərazisində qəbul edib və Çaxırlı kəndində yarımtikilidə gizlədib. Daha sonra Elməddin Əzizov narkotik vasitələri paytaxta gətirərək kirayə yaşadığı evdə saxlayıb. O, narkotik vasitələri İran vətəndaşının adlarını deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli olduğu müəyyən edilib.

Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər şəxs saxlanılıb. Abşeron rayonunda həyata keçirilən tədbir zamanı paytaxt sakini Zeynal Zeynalov və Göyçay rayon sakini Vüqar Cəbrayılov tutulublar. Onların üzərində axtarış aparılan zaman Zeynal Zeynalovdan 3 kiloqram, Vüqar Cəbrayılovdan isə 309,150 qram heroin aşkar olunaraq götürülüb.

Həmin şəxslər də ifadələrində narkotik vasitələri hələlik adı istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldıqlarını bildiriblər.

Beləliklə, bu əməliyyatlar nəticəsində ümumilikdə 33 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı Baş İdarənin əməkdaşları tərəfindən alınıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar.

Cinayət işi üzrə zəruri istintaq və 45 əməliyyat-axtarış tədbirləri davam etdirilir.