logo

Operativ Qərargah əhaliyə dərman tədarükü görməyi tövsiyyə etdi

18:50 11-06-2020 | icon 1988
Operativ Qərargah əhaliyə dərman tədarükü görməyi tövsiyyə etdi

Sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi 9 şəhər və rayonda apteklərin fəaliyyətinə yalnız ünvana çatdırılma xidməti göstərilməklə icazə verilib. Nazirlər Kabineti yanında Operativ Qərargah sahibkarlara çatdırılma xidmətini pulsuz həyata keçirməyi tövsiyə edir.

 YeniAvropa xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva  bu gün keçirilən  Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində söyləyib.

“Həftə sonlarında sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq, vətəndaşlara gündəlik istifadə etdikləri dərman preparatlarının tədarükünü əvvəlcədən görməyi tövsiyə edirik. Elə bir təxirəsalınmaz hal baş verə bilər ki, dərmana ehtiyac yaranar, bunu da çatdırılma vasitəsilə həyata keçirmək olar. Vətəndaşlardan xahiş olunur ki, planlı surətdə alına bilən dərmanlarla bağlı müraciət etməsinlər. Çünki nəticədə hansısa vətəndaşın təxirəsalınmaz ehtiyacı olan dərman preparatının çatdırılması gecikdirilə bilər. Bu, çox önəmlidir”, - deyə Y.Qarayeva bildirib.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.