logo

Xalq artisti Teymur Mustafayev vəfat etdi

17:55 11-06-2020 | icon 1799
Xalq artisti Teymur Mustafayev vəfat etdi

Azərbaycan milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev bu gün ömrünün 82-ci ilində vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, Teymur Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olub. O, əmək fəaliyyətinə 1959-cu ildə başlamış və 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, “Azkonsert” Birliyində, AzTV-də müğənni kimi öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Teymur Mustafayev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib.

Teymur Mustafayev Azərbaycan musiqi sənətini dünyanın müxtəlif ölkələrində - Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Almaniya, Avstriya, Meksika, Hindistan, Pakistan, Əfqanıstan, İordaniya, Misirdə məharətlə təqdim etməklə, onu dinləyicilərə sevdirib. Onun ifa etdiyi xalq və bəstəkar mahnıları, təsniflər Azərbaycan milli televiziya və radiomuzun qızıl fondunda qorunub saxlanılır. O, ömrünün son günlərinədək yaradıcılığını davam etdirib. Konsert fəaliyyəti ilə yanaşı T.Mustafayev bir çox televiziya müsabiqələrinin münsiflər heyətinin üzvü kimi gənc ifaçılara öz dəyərli tövsiyələrini verib.

Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.