Hesablama Palatasının kollegiyası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə Auditor hesabatını müzakirə edib.
Palatadan YeniAvropa-ya bildirilib ki, auditlə vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar edilmiş nöqsanlarla bağlı materialların "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.
Xatırladaq ki, KİVDF uzun illər Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun kurasiyasında olub. 2017-ci ildə KİV DF-nin Müşahidə Şurasının bütn üzvləri Əli Həsənovun yaxın adamları təyin edilib. Bütün bu illər ərzində Fondun fəaliyyəti kəskin tənqid olunub. Fond Əli Həsənovla əlaqəli aztirajlı qəzetlərə dövlət dəstəyi verməkdə, eləcə də jurnalistlər üçün mənzillərin tikilməsində və paylanmasında qanun pozuntularına yol verilməsində ittiham olunub. Jurnalistlər üçün tikilən 2-ci binada iş stajı 10 il tələb edildiyi halda, hətta 25 yaşlı "jurnalist" belə mənzil alıb.