Bakının Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, Sumqayıt şəhər sakini İlkin İsmayılov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq və 6 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.
Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.