logo

Koronavirus xəstələrinin görüntüsünün necə yayıldığı araşdırılır

11:40 08-06-2020 | icon 2429
Koronavirus xəstələrinin görüntüsünün necə yayıldığı araşdırılır
Sosial şəbəkələrdə koronavirusa yoluxan xəstələrin görüntüləri yayılıb.  
YeniAvropa xəbər verir ki, yayılan görüntülərin koronavirus xəstələri üçün ayrılmış xəstəxanaların birinin reanimasiya şöbəsində lentə alındığı bildirilir. İddia edilir ki, xəstələr COVID-19-a yoluxanlardır.
Xəstələrin üzlərinin aydın görünməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı "oxu.az"ın sorğusunu cavablandıran TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, təmsil etdiyi qurum mövcud vəziyyətdən xəbərdardır.
O, bildirib ki, görüntülər, həqiqətən, pandemiya əleyhinə xəstəxanada çəkilib:"Bəli, görüntülər koronavirusla mübarizə çərçivəsində ayrılan pandemiya xəstəxanalarından birində çəkilib. Videogörüntülərdəki xəstələr COVID-19-a yoluxan xəstələrdir. Təəssüf ki, xəstəxana işçilərindən kimsə vətəndaşların hüquqlarını tapdayaraq, bizim qoruduğumuz gizliliyi pozub. Bilirsiniz ki, COVID-19 xəstələrini nəinki çəkmək, hətta adlarının açıqlanmasına belə icazə yoxdur.
TƏBİB bu məsələni ciddi nəzarətə götürüb. Çox güman ki, görüntülər xəstəxana əməkdaşları tərəfindən lentə alınıb. Hazırda şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Qanunvericilik çərçivəsində bu videonu çəkən şəxs barəsində cinayət işi başlanılacaq”.