logo

Rusiya desantçıları Almatı aeroportunu nəzarətə götürdü

12:02 07-01-2022 | icon 1477
Rusiya desantçıları Almatı aeroportunu nəzarətə götürdü

Qazaxıstanın iqtisadi mərkəzi və əski paytaxtı olan Almatı şəhərindən həyacanlı xəbərlər daxil olmaqda davam edir.

YeniAvropa xəbər verir ki, son məlumatlara görə ölkə üzrə internet yenidən kəsilib, Almatıda küçələrdə intensiv atəş səsləri və partlayışlar eşidilir. Qazaxıstan hakimiyyəti baş verənləri “terrorçu elementlərə qarşı xüsusi əməliyyat” kimi təqdim edir, lakin dinc nümayişçilərə qarşı atəş açılmasını əks etdirən görüntülər də var.

Bu arada Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov Qazaxıstana yeridilən və əsasən Rusiya qüvvələrindən ibarət olan KTMT kontingentinin Almatı aeroportunu nəzarətə götürdüyünü elan edib. 

“Hazırda Qazaxıstanın hüquq-mühafizə orqanları ilə birlikdə Almatı aeroportu tam nəzarətə götürülüb. Sülhməramlı kontingentin qüvvələri şəhərdəki Rusiya konsulluğunun və digər mühüm obyektlərin də təhlükəsizliyini təmin edir. KTMT sülhməramlıları Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşlarına qanunçuluğun təmin edilməsində və qayda-qanunun yaradılmasında dəstək verir”,-deyə o, bildirib. 

Konaşenkov qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin yaratdığı, 70-dən çox "İl-76" və "An-124" hərbi-nəqliyyat təyyarələrindən ibarət aviaqruplaşma sutka ərzində dayanmadan KTMT kontingentinə daxil olan Rusiya qüvvələrinin Qazaxıstana daşınmasını həyata keçirir. Rusiya qüvvələrinin tərkibinə Hava Desant Qoşunlarının 45-ci əlahiddə briqadasının, 98-ci hava-desant diviziyasının və 31-ci əlahiddə briqadasının bölmələri daxildir.

Qazaxıstana yeridilən KTMT qüvvələrinə Rusiyanın hava-desant qoşunlarının komandanı, general-polkovnik Andrey Serdyukov rəhbər təyin edilib.