logo

Ceyhun Bayramov Yeni Zelandiyanın ölkəmizə yeni təyin edilən səfiri ilə görüşüb

18:58 11-06-2021 | icon 3395
Ceyhun Bayramov Yeni Zelandiyanın ölkəmizə yeni təyin edilən səfiri ilə görüşüb

İyunun 11-də xarici işlər naziri Ceyhun Bayramov Yeni Zelandiyanın ölkəmizə yeni təyin edilmiş qeyri-rezident səfiri Vendi Hinton ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, Ceyhun Bayramov Vendi Hintonu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan ilə Yeni Zelandiya arasında ikitərəfli münasibətlərin inkişafı perspektivlərini qeyd edib və əlaqələrin genişləndirilməsi üçün bütün imkanlardan istifadə olunmasının əhəmiyyətini vurğulayıb.

C.Bayramov, həmçinin səfir Vendi Hintona münaqişədən sonra bölgədəki mövcud vəziyyət, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərdə vəziyyət, mina təhlükəsi və doğurduğu fəsadlar, həmçinin həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verib.

Səfir Vendi Hinton ölkəsinin bir sıra istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, texnoloji tətbiqlər, su elektrik stansiyaları və digər sahələrdə inkişaf etdiyini bildirib, bu və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini vurğulayıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.