logo

İlham Əliyev Bilik Günü münasibətilə müraciət etdi

09:25 15-09-2020 | icon 1631
İlham Əliyev Bilik Günü münasibətilə müraciət etdi
Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllim, tələbə və şagirdlərə müraciət ünvanlayıb. 

YeniAvropa xəbər verir ki, müraciətdə deyilir:

“Mən sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür....

Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Bu gün Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır. Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar. Azərbaycan iqtisadi sahədə inkişaf edən ölkədir, güclü orduya sahib olan ölkədir. Biz bütün bunları müstəqillik dövründə əldə etmişik. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq Azərbaycanı inamla irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da heç vaxt heç kimin təsiri altına düşməyək. Dediyim kimi, burada bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır.

Mən şadam ki, bu gün Azərbaycanda yetişən gənclər məhz bu yüksək meyarlara cavab verir. Əminəm ki, bu müsbət meyillər davam edəcək və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcəklər və ümumi inkişafımıza öz töhfələrini verəcəklər.

Mən sizi yeni dərs ilinin başlaması münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram”.