logo

BDYPİ: 2150 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

11:56 29-06-2020 | icon 490
BDYPİ: 2150 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi iyunun 28-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.

İdarədən YeniAvropa-ya bildiriblər ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 28-i saat 00:00-dan iyunun 29-u 00:00-dək olan müddətdə nəqliyyat vasitələri ilə hərəkətdə olan 1940 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 205 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla, ümumilikdə, 2150 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Həmin müddətdə Bakı-Quba yolunun 52-ci kilometrində yerləşən karantin keçid postundan 55-i rayon, 50-si paytaxt istiqamətinə olmaqla 105, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrində yerləşən postdan 55-i rayon, 155-i paytaxt istiqamətinə olmaqla 210, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 450-i rayon, 300-ü paytaxt istiqamətinə olmaqla 750 nəqliyyat vasitəsi geri qaytarılıb.

Ümumilikdə 1065 nəqliyyat vasitəsilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.