logo

Oqtay Gülalıyev yenidən əməliyyat olundu

20:55 10-01-2020 | icon 2114
Oqtay Gülalıyev yenidən əməliyyat olundu

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev üzərində təkrar cərahiyyə əməliyyatı aparılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev məlumat verib.

"Əməliyyat, təxminən, üç saatdan çox çəkdi. Həkim Mehdi Sasaninin bildirdiyinə görə, əməliyyat uğurlu keçib. Başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir”, - deyə oğlu vurğulayıb. 

Qeyd edək ki, İstanbulun Amerikan Xəstəxanasında Oqtay Gulalıyevin üzərində aparılan təkrar müayinələr zamanı onun beynində kəskin maye yığılması aşkarlanıb. Həkimlərin tövsiyəsi və ailəsinin razılığı ilə Oqtay Gülalıyev əməliyyat olunub.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib.
Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub. Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. 
Bir gün sonra Türkiyəyə aparılıb.

Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.