logo

Bayden Ukraynaya fəal dəstəyinə görə Almaniyaya təşəkkür edib

15:55 18-10-2024 | icon 231
Bayden Ukraynaya fəal dəstəyinə görə Almaniyaya təşəkkür edib

Almaniyaya səfərə gələn ABŞ prezidenti Cozef Baydenin oktyabrın 18-də Berlində "Bellevue" sarayında Federal prezident Frank-Valter Ştaynmayer ilə görüşü olub.

YeniAvropa xəbər verir ki, əvvəlcə ABŞ prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib.

Dövlət başçılarının görüşündən sonra Cozef Baydenin "Almaniya-Amerika dostluğuna və Trans-Atlantik ittifaqına" xidmətlərinə görə "Federal xidmətlərə görə" ordeninin xüsusi dərəcəsi ilə təltif olunması mərasimi təşkil edilib.

Mərasimdə çıxış edən Frank-Valter Ştaynmayer Cozef Baydenin iki ölkə arasındakı münasibətlərin inkişafında xidmətlərini vurğulayaraq bildirib: “ABŞ ilə dostluq həm təhlükəsizliyimiz, həm də demokratiyamız üçün həyati əhəmiyyət kəsb edib, edir və edəcək”.

Cozef Bayden çıxışında Almaniyanın Ukraynaya fəal dəstəyinə görə təşəkkür edərək bildirib. ABŞ prezidenti Almaniyanın Ukraynanın qalib gəlməsi və NATO-nun həmişəkindən daha güclü olması üçün yorulmadan çalışdığını deyib.

Qeyd edək ki, Cozef Bayden bu ordenə layiq görülən ikinci ABŞ Prezidentidir. 1993-cü ildə ABŞ-ın 41-ci prezidenti Corc Buş (ata) Almaniyanın birləşməsindəki xidmətlərinə görə bu ordenlə təltif olunub.

Birləşmiş Ştatların dövlət başçısı səfər çərçivəsində bu gün, həmçinin Almaniyanın Federal Kansleri Olaf Şoltsla görüşüb.

Səfər çərçivəsində Olaf Şolts, Cozef Bayden, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer arasında dördtərəfli görüşün keçirilməsi də planlaşdırılır.

Cozef Baydenin Berlindəki görüşlərində Ukraynaya dəstək verilməsi, Yaxın Şərqdə vəziyyət və digər məsələlərin müzakirə olunması gözlənilir.

Xatırladaq ki, bu, Cozef Baydenin dördillik prezidentliyi dövründə Berlinə ilk səfəridir. O, 2022-ci ildə Bavariyadakı Elmau şəhərində keçirilən G7 Sammitində iştirak edib. Prezident, həmçinin ötən il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrail səfərindən qayıdarkən prezident təyyarəsinə yanacaq doldurulması üçün Ramşteyn şəhərindəki ABŞ hərbi bazasında olub.

Cozef Baydenin oktyabrın 10-dan 12-dək Almaniyaya planlaşdırılan səfəri “Milton” qasırğası səbəbindən təxirə salınmışdı. Həmin səfər zamanı Ramşteyn bazasında Ukraynaya dəstək verən ölkələrin geniş tərkibli görüşü nəzərdə tutulmuşdu.