logo

Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb

16:16 18-04-2024 | icon 875
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Respublikasının Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

YeniAvropa xəbər verir ki, sənədi Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Yeni Kaledoniya Konqresinin sədri Rok Vamitanın adından Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselin imzalayıblar.

İmzalanma mərasimində Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu sənəd parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi bazanın formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir və əməkdaşlığımızın çərçivəsini müəyyənləşdirəcək.

Qeyd edək ki, Memorandumda bir sıra vacib məqamlar əks olunub. Sənəddə Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi niyyəti ifadə edilib. Bu məqsədlə iki ölkənin parlamentlərinin komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılmasına kömək göstərilməsi, həmçinin parlament, beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi və bölüşülməsi məqsədilə deputatlardan ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili nəzərdə tutulub.

Sənəddə tərəflər arasında əməkdaşlığı inkişaf etdirmək üçün deputatlardan ibarət müvafiq qrupun yaradılması və bu qrupun fəaliyyətinin hər vasitə ilə təşviqi də əksini tapıb. Bunlarla yanaşı, Azərbaycan ilə Yeni Kaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığın müxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi, inkişaf etdirilməsi və reallaşdırılması üçün fəal səylərin göstərilməsi planlaşdırılır. Tərəflər qanunverici orqanların səmərəli fəaliyyətinə müsbət töhfə verə biləcək təcrübə mübadiləsinin aparılması məqsədilə Milli Məclisin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələrin yaradılmasına da razılıq veriblər.

Xatırladaq ki, Fransanın müstəmləkəsi olan Yeni Kaledoniya 2020-ci ilin noyabrında öz müstəqilliyini elan etmək üçün referendum keçirib. Sakit okeanın cənub-qərb hissəsində adalar qrupundan ibarət olan bu dövlət 1853-cü ildən Fransanın tabeliyində yaşayır. 250 min əhaliyə və 20 min kvadratkilometr əraziyə malik olan Yeni Kaledoniya adası Sakit Okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir. Hələ 3500 il əvvəl məskunlaşmış bu adanın sakinlərini “melazeniyalılar” adlandırırlar və onlar ada avropalılar tərəfindən kəşf olunana qədər təbiətlə vəhdət halında ahəngdar həyat sürüblər. Ada 1774-cü ildə məşhur ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf olunub və Kaledoniya adlandırılıb.

XIX əsrin ortalarından etibarən ingilis və fransız missionerləri adaya ayaq açıb, 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı qatı cinayət törətmiş öz məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başladı. Qızıl, bürünc, xrom, nikel, dəmir və s filizlərini çıxarıb emal etməklə adanın külli miqdarda sərvəti Fransaya daşındı. Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransa müstəmləkəçiliyindən canını qurtarmağa çalışır. Dəfələrlə keçirilən referendumlar Fransadan təyin olunmuş idarəçilər tərəfindən saxtalaşdırılıb və məhz bu yolla Fransa melazeniyalılara azadlıq verməkdən imtina edib. Sonuncu referendum bu ilin 4 oktyabrında keçirilib və yenə də fransalı referendum təşkilatçıları cüzi səs fərqi ilə Yeni Kaledoniya sakinlərinin guya azadlıqdan “imtina etdiklərini” elan ediblər.

Maraqlıdır ki, Kaledoniyanın dövlət bayrağı Azərbaycan bayrağına oxşayır. Sadəcə ay və ulduz əvəzinə onlarda qarışqa təsviri var.

file..+0++1