logo

Paytaxtda aşan yük maşını aeroport yolunda sıxlıq yaratdı

14:15 06-04-2024 | icon 1792
Paytaxtda aşan yük maşını aeroport yolunda sıxlıq yaratdı

Paytaxtın Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğın təhlükəli maye dağıldığından aeroport yolunda sıxlıq yaranıb. 

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilib ki, Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edilib ki, baş vermiş hadisə nəticəsində həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb.

Böyükşor şosesi, “Koroğlu” metro stansiyası istiqamətində də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülməsi üçün dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.