logo

DYP hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

09:29 13-01-2024 | icon 644
DYP hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

“Xəbərdarlıq edildiyi, kimi hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı, qarlı hava hökm sürür.

Qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün hərəkət iştirakçılarını ehtiyatlı olmağa, yolların sürüşkənliyini nəzərə alaraq sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə çağırırıq”.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi(DYP) İdarəsinin hərəkət iştirakçılarına müraciətində deyilir.

Müraciətdə bildirilir ki, dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan təcrübəsiz sürücülərin həmin ərazilərdə avtomobil idarə etməkdən çəkinməsi, belə bölgələrdə idarə olunan avtomobillərin mövsümə uyğun şinlərlə təchiz edilməsi tövsiyə olunur.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi piyadalara səslənərək onlardan əlverişsiz hava şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq yollarda öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağı, yol hərəkəti qaydalarına sözsüz əməl etməyi xahiş edir.