logo

Bakıda Azərbaycan-Latviya diplomatik münasibətlərin 30 illiyi qeyd edilib

17:17 11-01-2024 | icon 2268
Bakıda Azərbaycan-Latviya diplomatik münasibətlərin 30 illiyi qeyd edilib

Yanvarın 11-də Xarici İşlər Nazirliyində Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, tədbirdə nazirliyin rəhbər heyəti, Milli Məclisin deputatları, Latviyanın Azərbaycandakı səfirliyinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsindən sonra tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan və Latviya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin 30 il ərzində müxtəlif, o cümlədən siyasi, iqtisadi, humanitar, elmi-texniki, mədəni və s. istiqamətlər üzrə inkişafından ətraflı bəhs olunub. Ali və yüksək səviyyəli səfərlər və təmasların, habelə strateji dialoqun ötən il Bakıda keçirilmiş ikinci iclasının əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynadığı qeyd edilib.

Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya diplomatik münasibətlərin 30 illiyi münasibətilə təbriklərini çatdırıb, münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvarlığını bildirib. Azərbaycan ilə Latviya arasında münasibətlərin tarixindən bəhs edən səfir tarixi ənənələr, qarşılıqlı dostluq və əməkdaşlığa əsaslanan əlaqələrin bu gün də uğurla inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırılıb.

Çıxışlardan sonra iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Azərbaycan və Latviya xarici işlər nazirlərinin təbrik məktublarının mübadiləsi baş tutub.

Tədbirin sonunda iştirakçılar Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın