logo

9 QHT-nin yaratdığı koalisiya İlham Əliyevin namizədliyini dəstəkləyir

16:16 26-12-2023 | icon 777
9 QHT-nin yaratdığı koalisiya İlham Əliyevin namizədliyini dəstəkləyir

Dekabrın 26-da “Bərabər inkişaf naminə” devizi ilə 9 qeyri-hökumət təşkilatının birləşərək təsis etdiyi koalisiya tərəfindən 500-dək müxtəlif sahələri təmsil edən ictimai xadimlər, elm və təhsil sahəsində çalışan, eləcə də qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri olan qadınların iştirakı ilə Azərbaycan Qadınlarının Forumu keçirilib.

Koalisiyanın rəhbəri Gender və İqtisadiyyat İB-nin sədri Təranə Kərimova, üzvləri - “Zəfər” şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova, “Gender və İnsan Hüququ Araşdırmalar Birliyi”nin sədri Rəna Mirzəzadə, Gənc Demokratlar İnsitutunun sədri, politoloq Yeganə Hacıyeva, “Ekoloji Maarifçilik və Monitorinq” İB-nin sədri Qəmzə Yusubova, “Kamillik” Cəmiyyətinin sədri Əsmətxanım Məmmədova, “Azərbaycan Türkiyə Sosial Tərəqqiyə Yardım” İB-nin sədri Nigar Helmi, “Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdıyeva, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İB-nin təsisçisi Aygün Səmədovadır.

YeniAvropa xəbər verir ki, forumda koalisiyanı təmsil edən qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai xadimlər, həmçinin bolqar, avar, rus və talış etnik qruplarının nümayəndələri çıxışlarında Azərbaycan xalqının müxtəlif təbəqələrinin nümayəndələrinin, ictimai-siyasi, sosial-mədəni həyatda yaxından iştirak edən qadınların bugünkü reallıqlar fonunda ölkəmizin inkişafı yolunda əllərindən gələni əsirgəmədiklərini bildiriblər.

Çıxışçılar ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın və onun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hər bir sahədə əldə edilən uğurlara diqqət çəkiblər. Onlar fevralın 7-də keçiriləcək prezident seçkilərində ölkəmizin davamlı inkişafı, xalqımızın firavanlığı naminə hüquqlarımızı daim müdafiə edən Yeni Azərbaycan Partiyasının yeganə namizədini dəstəklədiklərini ifadə ediblər.

Qeyd edilib ki, “Bərabər İnkişaf Naminə” devizi ilə 9 qeyri-hökumət təşkilatının birləşərək təsis etdiyi koalisiya qadınlarımızı vahid məqsəd ətrafında bir araya gətirib. Koalisiyanın fəaliyyətinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, onların daha nizamlı və mütəşəkkil fəaliyyətinə təkan verəcəyinə inam ifadə olunub.

Sonda “Bərabər İnkişaf Naminə” Azərbaycan Qadınlarının Forumunun Bəyannaməsi qəbul edilib.

Sənəddə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” prosesi çərçivəsində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi, qərarqəbuletmə və özəl sektorda, o cümlədən, yerli ərazi və özünüidarəetmə orqanlarında gender bərabərliyinin təşviqində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi, qadınların iqtisadi fəallığının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, innovativ inkişafı təmin edən yeni texnologiyalara əlçatanlığın artırılması, xüsusilə qızlar və qadınların bu prosesə daha geniş cəlb olunması kimi məsələlər öz əksini tapıb.

Eyni zamanda, “Bərabər İnkişaf Naminə” Forumda Azərbaycan qadınlarının təmsilçiləri seçki hüququ olan vətəndaşlarımızı, ölkəmizin bütün ərazisində keçiriləcək prezident seçkilərində fəal iştiraka, xüsusilə qadınları və gənc qızları bu taleyüklü siyasi prosesin önündə gedərək vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırıblar.