logo

Tailand şirkətləri Qarabağın bərpasına maraq göstərirlər

16:16 25-12-2023 | icon 700
Tailand şirkətləri Qarabağın bərpasına maraq göstərirlər

Azərbaycanın Malayziyada, eyni zamanda, Tailand Krallığında akkreditə olunmuş səfiri İrfan Davudovun Tailanda işgüzar səfər zamanı keçirilmiş görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı məsələləri müzakirə olunub.

Səfirlikdən YeniAvropa-ya bildirilib ki, səfir İ.Davudov səfər çərçivəsində Tailand Krallığı Milli Assambleyasının sədri, Nümayəndələr Palatasının spikeri Van Muhamad Noor Matha, Tailand Senatının üzvü Suvat Chirapant, Baş nazirin müşaviri və Tailandın ticarət nümayəndəsi xanım Nalinee Taveesin, Xarici İşlər Nazirliyinin daimi katibi Sarun Chareonsuvan, Tailand İnvestisiya Şurasının baş katibi Narit Therdsteerasukdi, Tailand Mina Təmizləmə Mərkəzinin baş direktoru, general-mayor Sorravat Patamakom ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Tailand rəsmilərinə 44 günlük Vətən müharibəsində, həmçinin cari ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz əraziləri üzərində suverenliyini bərqərar etməsi, bunun nəticəsi kimi regionda yaranan yeni reallıqlar, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri, atdığı addımlar barədə məlumat verilib.

Azərbaycanla Tailand arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, ölkəmizin vətəndaşları üçün Tailand vizasının alınması prosedurunun sadələşdirilməsi, qarşılıqlı səfərlərin təşkili, iki ölkə arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, ölkəmizdə, xüsusilə azad edilmiş ərazilərdə investisiya imkanları, burada həyata keçirilən bərpa-quruculuq işlərində Tailand şirkətlərinin iştirakı imkanları, işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsində Tailand tərəfi ilə texniki əməkdaşlıq və digər məsələlər barədə müzakirələr aparılıb.

Səfər zamanı səfir “Wincoast Industrial Park” sənaye zonasını ziyarət edib, zonanın idarəetmə şurasının, eyni zamanda, günəş enerjisi istehsalı sahəsində ixtisaslaşmış “Solar Roof Top Project” şirkətinin rəhbəri Jak Chamikorn ilə də görüş keçirib. Görüşdə ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.