logo

IV “Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrıldı

11:55 25-12-2023 | icon 721
IV “Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrıldı

Prezident İlham Əliyev dekabrın 25-də 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda  deyilir:" 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılsın".

Qeyd edək ki, 2019-2021-ci illərdə keçirilən ilk müsabiqənin 27, 2022-ci ildə keçirilən ikinci müsabiqənin 22 və 2023-cü ildə keçirilən müsabiqəsinin 22 qalibi olub. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə edib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.