logo

Cəlilabadda mal-qara oğurlayan keçmiş məhkumlar saxlanılıblar

10:30 04-11-2023 | icon 861
Cəlilabadda mal-qara oğurlayan keçmiş məhkumlar saxlanılıblar

Cəlilabadlı keçmiş məhkumlar Lənkəranda mal-qara oğurluğuna görə saxlanılıblar. Saxlanılarkən onların birindən tapança aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kərgəlan, Şağlakücə, Haftoni və Ləj kəndlərinin ərazisindəki örüş sahələrindən müxtəlif vaxtlarda, ümumilikdə, 17 nəfərə məxsus mal-qaranı oğurlayan şəxslər saxlanılıb. Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama, gəzdirmə maddələri ilə məhkum olunmuş Anar Sarxanov və cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi Ramil Əliyev olduqları müəyyən edilib. Məlum olub ki, həmin şəxslər örüş sahələrindən oğurladıqları mal-qaranı A.Sarxanovun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə müxtəlif rayonların ərazisindəki heyvan bazarlarına apararaq orada satıblar. Həmin şəxslər saxlanılarkən Ramil Əliyevin üzərindən “Makarov” tipli tapança və həmin silaha aid 3 ədəd patron aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq R.Əliyevin həmin odlu silahı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi digər şəxsdən - Salyan rayon sakini, əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş Rövşən Mehtiyevdən əldə etdiyi müəyyən olunub. Polis əməkdaşları tərəfindən Salyan rayonu ərazisində saxlanılaraq istintaqa təqdim edilən R.Mehtiyev həmin odlu silahı artıq vəfat etmiş atasından əldə etdiyini bildirib.

Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.