logo

Vaqif Xaçaturyanın məhkəməsi noyabrın 6-da davam etdiriləcək

14:14 01-11-2023 | icon 1239
Vaqif Xaçaturyanın məhkəməsi noyabrın 6-da davam etdiriləcək

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə noyabrın 1-də növbəti məhkəmə iclası keçirilib.

YeniAvropa xəbər verir ki, Vaqif Xaçaturyanın məhkəmə iclasının real vaxt rejimində zəruri səbəblərdən dolayı iştirak edə bilməyən hadisə şahidləri, zərərçəkmişlər və onların hüquqi varisləri bu gün ifadə veriblər. Eyni zamanda, məhkəmə prosesində iştirak edə bilməyən zərərçəkmişlərin və hadisə şahidlərinin ifadələri səsləndirilib.

Onlar V.Xaçaturyanın Meşəlidə və ətraf ərazilərdə öz dəstəsi ilə törətdiyi cinayətlərdən danışıblar.

Qeyd edilib ki, Meşəli kəndinə daxil olan Vaqif Xaçaturyanın da olduğu erməni birləşmələri azərbaycanlıların evlərini yandırıblar. Zərərçəkmişlər və hadisə şahidləri kənddə mülki əhaliyə qarşı ermənilər tərəfindən qətliam törədildiyinə şahid olduqlarını bildiriblər. Nəticədə Meşəlinin əhalisi məcburi köçkün düşüb, kənd isə məhv edilib.

Prosesdə fasilə elan edilib, məhkəmənin növbəti iclası noyabrın 6-da keçiriləcək.

Qeyd edək ki, Vaqif Xaçaturyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilir.

Vaqif Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqibetmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 milyon 568 min 60 manat, dövlətə isə 130 min 800 manat məbləğində maddi ziyan vurulub.